"Qarabağ"dan ötən yay klubdan “Sent-Etyen”ə (Fransa) transfer olunan İbrahima Vadjinin icarə əsasında Ağdam təmsilçisinə qayıdacağı barədə iddialara münasibət bildirilib.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib ki, bu xəbərlər həqiqəti əks etdirmir: “Belə bir məsələ gündəmdə deyil. Vadjinin “Qarabağ”a qayıtması müzakirə olunmur”.
Fransa mətbuatının yazdığına görə, Vadjinin oyunundan narazı qalan “Sent-Etyen” təklif olacağı halda onu bu qış icarəyə verməyə hazırdır. Lakin indiyədək Vadji ilə maraqlanan və onun üçün təklif irəli sürən olmayıb.
Qeyd edək ki, 27 yaşlı hücumçu 2021-2022-ci illərdə “Qarabağ”da oynayıb. O, ötən yay 1 milyon 600 min avroya “Sent-Etyen”ə keçib. Forvardın icarə əsasında “Qarabağ”a transfer olunacağı barədə məlumatlar yayılıb.